Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 illiyi münasibətilə Saatlı rayonunda tədbir keçirildi

24 may 2019 | 16:00

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 illiyi münasibətilə Saatlı rayonunda keçirilən tədbirdən əvvəl Ulu öndərin abidəsi önünə tər gül-çiçək qoyuldu. 

Tədbirin rəsmi hissəsində dövlət himni səsləndirildi. Saatlı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov geniş məruzə ilə çıxış etdi. Qeyd etdi ki, müsəlman Şərqində ilk parlament respublikası xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının formalaşdırılmasına nail olmuşdu. 101 il əvvəl, mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində mühüm bir hadisə idi. Azərbaycanın tərəqqipərvər siyasi elitası birləşərək müstəqil milli dövlətçiliyin yaradılmasına nail olmuşdu.

Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını xalqımız üçün tarixi hadisə adlandırmışdı. Bu, eyni zamanda, İslam dünyası üçün də mühüm hadisə hesab olunurdu. Çünki müsəlman Şərqində ilk dəfə olaraq  müstəqil demokratik respublika yaranmışdı. Ulu öndər bu tarixi hadisənin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq deyirdi: “Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi”.

Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqın milli oyanışının məntiqi yekunu kimi dəyərləndirmişdir: “Müsəlman Şərqində ilk parlament respublikası – Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu idi”.

Azərbaycan  Prezidentinin 16 may 2017-ci il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamı bir daha təsdiqlədi ki,  müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Sərəncamda Şərqin ilk demokratik müsəlman dövlətinin fəaliyyəti də öz əksini tapıb:  “1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi.”.

Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin şərəfli səhifəsi olduğundan, XX əsrin sonunda milli dövlətçiliyimizin qorunub saxlanılmasında Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən, ölkəmizin milli dövlətçilik tarixindən, ötən əsrin sonunda ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycanda Heydər Əliyev siyasəti nəticəsində əldə olunan nailiyyətlərdən ətraflı danışdı və bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi sayəsində dövlətimizin çox sürətlə inkişaf etməsindən, müstəqilliyimizin daha da möhkəmləndiyindən bəhs etdi.

Tədbirin bədii hissəsi bir-birindən rəngarəng konsert proqramı ilə yadda qaldı.

Keçidlər